Yanğın Təhlükəsizliyi Qaydaları

Yanğın Təhlükəsizliyi

Odsöndürücü balondan istifadə qaydaları

  • Odsöndürücü balonun üzərində olan yarlıqdakı məlumatla tanış olmaqla həmin balonun hansı yanğınlarda istifadə edildiyini öyrənin;
  • qazla işləyən balondan bütün növ yanğınların söndürülməsində istifadə edilir;
  • tozla işləyən balondan elektrik təsərrüfatında baş verən yanğınların söndürülməsində istifadə edilir;
  • köpüklü balondan bərk maddə və tezalışan mayelərin yanması zamanı istifadə edilir;
  • balonun üstündəki manometrin göstəricisi yaşıldırsa, balon istifadəyə yararlıdır;
  • istifadə zamanı balondan xarakterik səs eşidilir;

odsöndürücü balondan istifadə etmək üçün:

  • onun üstündəki plastik möhürü qırın;
  • balonun dəstəyinin arasındakı dəmir kilidi çıxarın;
  • təhlükəsiz məsafədə duraraq balonun lüləsini birbaşa alova yönəldin;
  • dəstəyi yavaş-yavaş sıxın;
  • lüləni yuxari-aşağı, sağa-sola hərəkət etdirərək, alovu tam söndürün.

Məişətdə yanğın

Məişətdə yanğın baş verdikdə təhlükəsizliyi təmin etmək üçün aşağıdakı qaydalara əməl edin:

  • “112” qaynar xəttinə məlumat verin;
  • odsöndürücü balon və ya əl altında olan digər vasitələrlə (su, qum, palaz, keçə və s.) yanğını söndürməyə çalışın;
  • yanğının şiddətlənməməsi üçün qapı və pəncərələri bağlayın;
  • mümkündürsə, elektrik və qaz cihazlarını söndürün;
  • ağız və burnunuzu nəm dəsmal, şərf, paltar və s. ilə tutaraq tüstüdən qorunun;
  • yan otaqdakı tüstüdən qorunmaq üçün qapı ətrafındakı boşluqları nəm əski ilə tutun;
  • döşəməyə yaxın ərazidə tüstü daha az olduğundan əyilərək və ya sürünərək hərəkət edin;
  • yanğın gücləndikdə sənəd və digər vacib əşyaları götürüb dərhal bayıra çıxın;
  • uşaqlara, ahıl və köməyə ehtiyacı olanlara mənzili tərk etməkdə kömək edin;
  • mənzili tərk etmək mümkün deyilsə, eyvanda və ya pəncərənin yanında dayanaraq yanğınsöndürənləri gözləyin;
  • liftdən istifadə etməyin;

Elektrik təsərrüfatında yanğın təhlükəsizliyi qaydaları

Elektrik təsərrüfatında yanğın təhlükəsizliyinin təmin edilməsi üçün aşağıdakı qaydalara əməl edin:

  • elektrik təchizatı sistemi və elektrik cihazlarının sazlığını müntəzəm olaraq yoxlayın və nəzarətsiz qoymayın;
  • elektrik cihazı və qurğularının təmiri və qurulmasını, eləcə də elektrik şəbəkəsindəki nasazlıqların aradan qaldırılmasını yalnız mütəxəssisə həvalə edin;
  • izolyasiyası zədələnmiş və ya sıradan çıxmış naqil və kabellərdən istifadə etməyin;
  • qısaqapanmanın qarşısını almaq üçün avtomatik açardan istifadə edin;
  • eyni vaxtda çox sayda elektrik cihazını elektrik şəbəkəsinə qoşmayın;
  • şarj məqsədilə elektriklə işləyən cihazlar (telefon, kompüter və s.) nəzarətsiz halda şəbəkəyə qoşulu saxlanılmamalı;
  • elektrik qızdırıcı cihazlarını yanar materiallardan (pərdə, mebel və s.) uzaq yerləşdirin, onların üzərinə yanar əşyalar qoymayın;

Məişətdə qazdan təhlükəsiz istifadə qaydaları

Məişətdə qaz cihazı və sobalarından geniş istifadə edilir. Buna görə də yanğın, partlayış və qazdan zəhərlənmə kimi hadisələrin baş verməməsi üçün təhlükəsizlik qaydalarına əməl edin:

  • qeyri-standart qaz cihazından istifadə etməyin;
  • qaz cihazını daim saz vəziyyətdə saxlayın;
  • qaz cihazının təhlükəsizlik hissə və elementlərini çıxarmayın;
  • qaz cihazı olan otaqda nəfəsliyi açıq saxlayın;
  • işlək qaz cihazını nəzarətsiz qoymayın. Onun üstündəki çaydan və qazanda suyun səviyyəsini elə saxlayın ki, qaynayanda daşıb tökülməsin;
  • qaz plitəsi üzərində dəsmal və paltar qurutmayın;
  • evdən çıxdıqda qaz cihazını mütləq söndürün və qaz kranını bağlayın;

112 – Zəng Mərkəzi

Aşağıdakı hallarda 112 nömrəli telefona müraciət edə bilərsiniz:

  • texnogen mənşəli qəza və təbii fəlakətlər baş verdikdə;
  • yanğın baş verdikdə və ya yanğın törədə biləcək hallar yarandıqda;

“112 zəng mərkəzi”nə respublika ərazisində şəhərdaxili, GSM və CDMA tipli simsiz telefon və bütün növ taksofonlardan zəng etmək olar. Xidmət pulsuzdur. Operatorlar 24 saat ərzində (fasiləsiz) məlumat qəbul edir.

Mənbə: Fövqəladə Hallar Nazirliyi (FHN)

SABAH FMS
Sabah Facility Management
Sosial media hesablarımızdan bizi izləməyi unutmayın!